Bismillahir rəhmanir rəhim
Allah-taala bəşəriyyəti haqqa doğru hidayət etmək üçün yüz iyirmi dörd min (124000) Peyğəmbər göndərdi ki, Özü ilə bəndələri arasında vasitə olub, insanlara dünya və axirət səadətinin yolunu göstərsinlər. Onların birincisi Həzrət Adəm (əleyhis-salam), sonuncusu isə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dir.İslam dini həm maddi həm də mənəvi ehtiyacları təmin etməyə qadir olması ilə sair dinlərdən üstündür. Bu müqəddəs din bəşəriyyəti təkamülə doğru aparmaqla yanaşı hər iki dünyada səadətə çatdırmaq üçün Tanrı tərəfindən İslam Peyğəmbəri vasitəsilə göndərilmişdir.İslamın ulu Peyğəmbəri həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Qurani-Kərimi özünün və gətirdiyi İslam dininin haqq olduğunu sübut edən bir sənəd olaraq təqdim etdi.
Qurani-Kərimdə İslam dini haqqında belə oxuyuruq:
« إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِْسْلاَمُ »
«Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.»
Başqa bir ayədə belə buyurulur:
«وَمَن يَبْتَغِ غَيْرَ الإِْسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي اْلاَخِرَةِ مِنَ الْخَاسِرِينَ »
«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə ziyankarlardan olar!»
Müsəlman olan şəxs Allahdan qorxub, başqa maddi mənfəətlərə xatir dinini dəyişməməli, əksinə həqiqi müsəlman təkin yaşayıb, müsəlman kimi də dünyadan getməlidir.
Qurani-Kərimdə bu haqda belə buyurulur:
«يَآ أَيُّهَا الَّذِينَ ءَآمَنُواْ اتَّقُواْ اللَّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ »
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) dünyadan gedin!»